Monday, March 20, 2023
HomeGüneyAzərbaycan milli hökumətinin başçısı S.C.Pişəvəri və  müqəddəratını tə`yinetmə prinsipi

Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvəri və  müqəddəratını tə`yinetmə prinsipi

Author

Date

Category

Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvəri və  müqəddəratını tə`yinetmə prinsipi

1946-cı il yanvarın 28- də Cənubi Azərbaycan Milli Hökumətinin banisi S.C.Pişəvəri müqəddəratını prinsipinə əsaslanıb BMT Baş Assambleyasına müraciət etmişdir. O vaxtan bəri ölkə daxilində 57 il keçməsinə baxmayaraq şovinisti siyasət Azərbaycan türklərinə münasibətini dəyişməmişdir. 1942-ci ildə Atlantik okeanında İngiltərənin baş naziri Çerçil və ABŞ-ın prezidenti Ruzvelt görüşüb və dünya siyasətinin yeni istiqaməti haqqında bir sıra müzakirələr aparmışlar. Onlardan birisi də milli müqəddəratını tə`yinetmə hüququnun tanınmasıdır. Bu prinsipə əsasən hər millət bu hüquqdan istifadə edərək öz dövlətini qura bilər.

BMT yaranandan sonra Atlantik Xartiyası olduğu kimi BMT-nin nizamnaməsinə daxil olur.

Milli Hökunmətin başçısı S.C.Pişəvəri beynəlxalq münasibətlər prinsipləri çərçivəsində geniş diplomatik manevra etmə qabiliyyətindən istifadə edib BMT-yə müraciət etmişdir. Bu müraciət düzgün siyasi – hüquqi hərəkət olduğundan, bu gün də öz əhəmiyyətini qoruyub saxlamışdır. Buna əsaslanaraq BMT-yə göndərilən məktubun surətini olduğu kimi dərc etdiririk:

 “Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ən`ənələrini qoruyub saxlamışdır. Bu xalq yadelli işğalçılara qarşı əsrlər boyu mübarizə aparmış, azadlıq və müstəqillik yollunda minlərlə qəhrəman övladını qurban vermişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətlərini taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.

Şovinist, böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqir edici hərəkətlərdən çəkinmirdi.

Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəni dayandırmamışdır. Azərbaycanlıların öz azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunələri Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının rəhbərlik etdikləri hərəkatlardır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi.

Qanlı faşizm üzərində qələbə Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21 Azərində ( 12 dekabr ) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizə başa çatdı. Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi.

Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya mə`lumat yayıb.

5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına razı olamayacaq.

Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır.

Yeni, demokratik Azərbaycan hökuməti qısa vaxt ərzində ictimai, iqtisadi, mədəni sahələrdə ciddi bilib, daxili təhlükəsizlik tam bərqərar olunub.

Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insan şəraitində yaşamağa başlayıb. Bununla da öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.

Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasını, yə`ni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.

BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyiniin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin”.

Şərqdə, xüsusən İranda xalqların milli müqəddəratını tə`yin etmək hüququnu Amerika başda olmaqla Qərb müdafiə edir. Amma öz mənafelərinə uyğun olaraq, bu siyasət ziqzaq formada aparıılr, yüksələn xətlə getmir. Bununla yanaşı, həm də milli haqları müdafiə edirlər. Yeri gəlmişkən, o zaman Azərbaycan Milli Hökumətini devirmək üçün gələn şah qoşununun hissələrinin başında amerikalı general Şvartskop dayanmışdı . Bu gün isə əksinə, onlar xalqların milli hüquqlarının tə`min olunmasını müdafiə edirlər.

S.C.Pişəvərinin BMT-yə müraciəti milli haqların tanınmasına əsaslanırdı. Bu sənədlə hökumət Atlantik Xartiyasını imzalayan İngiltərə və Amerika, sonradan buna qoşulan sovetlərdən Azərbaycan xalqının hüquqlarının tə`min olunmasına müqavimət göstərən İran hökumətinin yerində oturdulmasını tələb edirdilər.

Yuxarıda qeyd olunan yazıda məqsəd odur ki, müəyyən suallara cavab tapmış olaq:

1-  Milli Hökumətin başçısı S.C.Pişəvəri Azərbaycan Milli Hökumətinin dünya cəmiyyəti tərəfindən tanınmasında, niyə BMT-yə müraciət etmişdir? ( təcrübəyə əsasən müqəddəratını tə`yinetmə prinsipindən bəhrələnib və öz dövlətini qurmaq istəyən xalq, BMT tərəfindən rəsmiyyətə tanılarsa, həmin qurum beynəlxalq hüququn subyektinə çevrilər. Pişəvərinin məqsədi ondan ibarət idi ki, öz xalqını bu vasitə ilə əbədi azadlığa  qovuşdursun. Onun məqsədi Azərbaycan xalqının demokratik, milli dövlətinin yaranmasından ibarət idi ).

2-  Müqəddəratını tə`yinetmə prinsipi şüarını irəli sürən dövlətlər və eləcə də BMT Azərbaycan Milli Hökumətin başçısı S.C.Pişəvərinin müraciətini niyə rəsmiyyətə tanımadılar? ( hətta Azərbaycan Milli Hökumətinin  məğlubiyyətində Qərb ölkələri Tehran mərkəzi hökumətini dəstəklədilər və BMT Azərbaycanda baş verən cinayətlərə etinasız yanaşdı.

3-  57 il həmin tarixi hadisənin üstündən kesməsinə baxmayaraq, müqəddəratını tə`yinetmə prinsipi Azərbaycan xalqının əsas şüarı olaraq öz qüvvəsini qoruyub saxlamalıdırmı?

PƏRVİZ ƏSƏDİ

Recent posts

Recent comments